Şriftin ölçüsü :

Saytın rəngi :

Bu cür feyk materialın Fransa kimi ölkənin başçısının dilindən səslənməsi Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır.

02 oktyabr 2020 | 16:00

Ermənistanın  təxribatına cavab olaraq Azərbaycanın  işğal altında olan torpaqlarını düşməndən  azad etməsiylə bağlı həyata keçirdiyi əks hücum əməliyyatları  6 gündür  davam edir. Əməliyyatların başladığı gündən etibarən ilk olaraq Türkiyə, Pakistan, Əfqanıstan, İsrail, Moldova, Ukrayna kimi ölkələr bəyanat verərək Azərbaycanın yanında olduqlarını ifadə etdilər.
Münaqişənin nizamlanması prosesinə məsuliyyət  daşıyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan Fransanın isə hərbi əməliyyatlar başladığı gündən tutduğu mövqe qəti olaraq anlaşılan deyil.
Xüsusilə də Fransa prezidenti Emmanuel Makronun bəyanatları  bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır.  Məlumdur ki, vasitəçilik missiyasını üzərinə götürən  bir ölkə münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz. O cümlədən tərəflərə yanaşmada balansı nümayişkarcasına poza da bilməzdi.
Ancaq çox təəssüf ki, Fransa prezidenti məhz bu yolu tutub. Belə bir mövqenin  səbəbləri isə gün kimi aydındır. Belə ki, Fransada prezidentlərin seçilməsində erməni lobbisinin rolu böyükdür. Fransa prezidenti də ilk növbədə, öz siyasi maraqlarını və gələcək seçki prosesini düşünür.
Məlumdur ki, Makron prezident seçildikdən sonra qondarma erməni soyqırımı məsələsini bir neçə dəfə gündəmə gətirib. Hətta 24 apreli qondarma erməni soyqırımının anma günü də elan edib.
Makronun ötən ilin fevral ayında “soyqırımı”la bağlı keçirdiyi toplantıda sabiq ASALA terror təşkilatının Fransadakı əsas nümayəndəsi Jean Mark Toranyanın da iştirak etdiyi kadrlarda əks olunmuşdu. Toranyan hazırda Fransada erməni lobbisinə rəhbərlik edir. Makron isə  bəyanatlarında  qondarma soyqırım mövzusunda Fransada yaşayan erməniləri və Ermənistanı hər zaman dəstəkləyəcəyini bəyan edib.
Bəs, Fransanın  soyqırım mövzusunda tutduğu mövqeni nə dərəcədə ədalətli hesab etmək olar? Onlar niyə öz keçmişlərinə dönüb Əlcəzairdə, Ruandada və yaxın 10 illiklərdə Liviyada törətdiyi hadisələrə nəzər  salıb dərs almaq istəmirlər?
Tarixə qısa nəzər salaraq vurğulamaq yerinə düşür ki, 1830-cu ildə Əlcəzairi işğal edən Fransa 1962-ci ildə Əlcəzair müstəqillik qazanana qədər oranı  fransızlaşdırmaq üçün bir asimilyasiya prosesi gerçəkləşdirmişdi. 19-cu əsrin sonlarında 1  milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən  fransızlar əhəmiyyətli imkanlarla təmin edildi. 31 oktyabrda 1954-cü ildə Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladıldı. Ancaq bu qiyama Fransa geniş diametrli həbslər və əsgəri bir hərəkat ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Fransa ələ keçirdiyi müqavimətçilərə qarşı böyük bir işgəncə tətbiq etdi.
Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər. 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirdi.
Afrikanın ortasında  yerləşən Ruandada da müxtəlif qəbilələr hakimiyyət uğrunda mübarizə aparırdı. Fransa Hutu hökumətinə əsgəri dəstək verməyə başladı. Bu dəstəklə birlikdə qətliama uğrayan Tutsilərin və qarşı tərəfdən Hutulardan ölənlərin sayı ümumilikdə 800 minə qədər yüksəldi.
Liviyada xaos və terror hadisələrinin ilk səbəbkarı da məhz Fransa oldu. Bütün bunlara  isə  Fransa  susqunluq nümayiş etdirir.
Vəziyyətin ən acınacaqlı tərəfi isə Fransa kimi bir ölkənin prezidentinin hansısa fakta söykənməyən feyk xəbərləri öz çıxışında arqument göstərmədən söyləməsidir.  Hər bir ölkənin prezidenti yalnız fakta əsaslanan çıxış etməlidir. Makron isə sadəcə söz naminə Suriyadakı silahlıların döyüşlərdə iştirak etmək üçün Qarabağa getdikləri barədə məlumatlara sahib olduğunu açıqladı.
Makronun davranışı və açıqlamaları göstərir ki, o, Avropanın ən nüfuzlu dövlərlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Bu cür feyk materialın Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir.
Bu arada xüsusilə vurğulamalıyıq ki, Azərbaycanın Fransa ilə dostluq münasibətləri hər zaman yüksək səviyyədə olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 21-də qurulub. O dövrdə Fransanın Ermənistanla yaxın dostluq əlaqələri Azərbaycanla Fransanın yaxınlaşmasına imkan vermirdi. Ona görə də mərhum prezident Heydər Əliyev ilk rəsmi səfərini Fransadan başladı. H. Əliyev 2003-cü ilə qədər bir neçə dəfə Fransaya rəsmi və qeyri-rəsmi səfərlər edib. Prezident İlham Əliyev də ilk rəsmi səfərini məhz Fransadan başlamışdı.
Müstəqillik dövründə Fransayla iqtisadi və təhsil sahəsində də əlaqələrimiz kifayət qədər yüksələn xəttlə inkişaf edib. Xəzərin neft ehtiyatlarının istismarı haqqında Fransa şirkətləriylə müqavilə imzalanıb. Ölkəmizdə 15 ildir ki, Fransız institutu, 2011-ci ildən Bakı Fransız Liseyi,, 2015-ci ildən Azərbaycan-Fransız Universiteti fəaliyyət göstərir.
Azərbaycan Fransadakı tarixi abidələrin bərpa və yenidənqurması prosesində fəal iştirak edib. Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyası Azərbaycanı Fransada tanıtmaqda mühüm rol oynayıb.
Belə ki, Fond Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasında yaxından iştirak edib. Bu addımlar Fransa ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılanmışdı.
Ancaq bütün bunların fonunda Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir.

Keçidlər