Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 39,5 kilometrlik yerli əhəmiyyətli yolun yenidən qurulması yekunlaşır

01 oktyabr 2020 | 16:00

Samux rayonunda uzunluğu 39,5 kilometr olan yerli əhəmiyyətli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması yekunlaşır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bunlar uzunluğu 28,1 kilometr olan Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4,6 kilometr, Qarabağlı yolunun uzunluğu 2,8 kilometr, Salahlı yolunun uzunluğu isə 4 kilometrdir.
Layihə çərçivəsində zəruri yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılıb. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri yerlərdə yeniləri qurulub.
Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası və avtoqreyderlə küvetlərin açılması işləri aparılıb.
Yeni yol yatağı işlənən ərazilərdə yol əsasının tikintisi və bərpası tamamlanıb, hazır olan hissələrə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.
Eyni işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılır.
Hazırda yollar boyu yol əsası hazır olan ərazilərdə əlaqələndirici bitum səpilməklə 230 min kvadratmetrdən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min əhalinin gediş-gəlişini rahatlaşdıracaq.

Keçidlər