Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən Samux rayonunda inşa edilən və yenidən qurulan təhsil müəssisələrinin açılışı olub

15 sentyabr 2020 | 16:00

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Samux rayonunda da olub. Burada Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin və Sərkar kənd körpələr evi–uşaq bağçasının binaları istifadəyə verilib. Pandemiya şəraitində, karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində, həmçinin Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, məktəbin və bağçanın kollektivi də iştirak ediblər.
Anar Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını və yeni tədris ilinin başlanması ilə əlaqədar təbriklərini çatdırıb.
1923-cü ildə tikilən binada fəaliyyətə başlayan məktəb üçün 1936-cı, 1959-cu və 1968-ci illərdə artan tələbata uyğun olaraq əlavə korpuslar tikilib. Məktəb sonuncu dəfə 2004-cü ildə təmir edilib, sinif otaqları çatışmadığı üçün bu vaxtadək tədris iki növbədə aparılıb. Məktəbin binası ötən illər ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Heydər Əliyev Fondu tərəfindən yeni 800 şagird yerlik məktəbin inşasına 2019-cu ildə başlanılıb, tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.
Üçmərtəbəli 5 korpusdan ibarət məktəb binasında 39 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, iki informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Məktəbin direktoru Afaq Möyləyeva müəllim kollektivi, şagirdlər və valideynlər adından Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təhsilə, onun inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Prezidentin köməkçisi Anar Ələkbərov qeyd edib ki, Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir. Fondun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Proqram çərçivəsində paytaxtda və ölkənin müxtəlif bölgələrində tikilən məktəblər müasir avadanlıq, laboratoriyalar, zəngin kitabxanalar, emalatxana, idman zalları, geniş meydançalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz edilir.
Sərkar kənd körpələr evi–uşaq bağçası ilə tanışlıq zamanı isə bildirilib ki, bina 1987-ci ildə inşa olunub. 80 yerlik nəzərdə tutulan bağçanın binası qəzalı olduğu üçün 40 yerlik olaraq fəaliyyət göstərib. Bina ötən illər ərzində fiziki köhnəlib və istifadəyə yararsız vəziyyətə düşüb. Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi–uşaq bağçasının inşasına 2019-cu ilin sonlarında başlanılıb. Tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.
Yüz yerlik körpələr evi–uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.
Anar Ələkbərov qeyd edib ki, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsi çərçivəsində respublika üzrə onlarla uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar tikilib və kommunal şərait yaxşılaşdırılıb. Fond, həmçinin bu illər ərzində “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində yeni uşaq bağçaları, körpələr evinin inşası və təmiri sahəsinə öz töhfəsini verib.
Daha sonra Samux rayonunda İmadəddin Nəsimi adına Ziyadlı kənd tam orta məktəbi və körpələr evi-uşaq bağçasının da yeni binaları istifadəyə verilib.
Bildirilib ki, Ziyadlı kənd tam orta məktəbi 1979-cu ildə inşa olunmuş binada fəaliyyət göstərib. Bina sonuncu dəfə 2006-cı ildə təmir edilib. Məktəbin binası sonrakı illərdə köhnəldiyi üçün yararsız vəziyyətə düşüb.
Heydər Əliyev Fondu tərəfindən yeni 523 şagird yerlik məktəbin əsaslı təmirinə 2019-cu ilin sonlarında başlanılıb. Təmir işləri 2020-ci ilin avqust ayında yekunlaşıb. İkimərtəbəli 4 korpusdan ibarət məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilinin inkişafına göstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoguşə yaradılıb. Təhsil müəssisəsində 28 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana və akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Ziyadlı kənd körpələr evi–uşaq bağçası ilə tanışlıq zamanı isə bildirilib ki, bina 1929-cu ildə inşa olunub. 60 yerlik nəzərdə tutulan bağça qəzalı olduğu üçün 20 yerlik olaraq fəaliyyət göstərib. Bina ötən illər ərzində köhnələrək yararsız vəziyyətə düşüb. Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi–uşaq bağçasının inşasına 2019-cu ilin sonlarında başlanılıb. Tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.
Bina 2 mərtəbədən ibarətdir. Bağçada uşaqlar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı, digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.
Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları quraşdırılıb, söhbətgahlar inşa edilib.

Keçidlər