Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda aşkarlanan qədim yaşayış məntəqəsində arxeoloji qazıntılar aparılır

06 sentyabr 2020 | 16:00

Azərbaycanda qədim yaşayış yerləri ərazilər respublikanın bir çox bölgələrində mövcuddur. Lakin elə ərazilər də var ki, orada olan maddi mədəniyyət abidələri hələ də qeydiyyata alınmayıb.
Belə qədim yaşayış yerlərindən biri də Samux rayonunun Qədili kəndi ərazisində aşkarlanıb. Üçtəpə adlanan bu qədim yaşayış məskəni, elə adından məlum olduğu kimi, 3 təpədən ibarət olub, təxminən 3 hektar ərazidə yerləşir. Təpələr bir-birindən dərin yarğanlarla ayrılır ki, onların da ara məsafəsi 7-10 metr təşkil edir.
Təxminən 50 metr hündürlükdə olan təpələr Quşqara çayının dərin yataqları ilə əhatə olunub, eyni zamanda Kür çayı da yaxınlığından axır. Gəncə-Samux ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru, professor Arif Məmmədov qeyd edib ki, yaşayış məskəni çoxtəbəqəli yaşayış yeridir. Alt təbəqədə qədim qəbiristanlıq yerləşir, üst təbəqə isə ilk orta əsrlərə aiddir.
Aparılan arxeoloji qazıntılar zamanı burada əldə olunan ən böyük tapıntı qala divarlarının yerinin müəyyənləşməsi və üzə çıxarılmasıdır. Bundan başqa, burada həmin dövrdə yaşayan insanların təsərrüfat həyatını əks etdirən xeyli sayda maddi mədəniyyət qalıqları aşkarlanıb. Bu isə onu göstərir ki, ərazidə yaşayan insanlar həm maldarlıq, həm də əkinçiliklə məşğul olub.
Arif Məmmədovun sözlərinə görə, hələlik qazıntılar ilk qatda aparılır. Daha dərin qatda qazıntı işləri aparılan zaman daha qədim zamanlara aid olan qalıqlar aşkar edilə bilər.
Qeyd edək ki, bu qədim yaşayış məskəni tapılan kimi Mədəniyyət və Turizm Nazirliyinə xəbər verilib, ərazi nazirlik tərəfindən qeydiyyata alınıb.

Keçidlər