Şriftin ölçüsü :

Saytın rəngi :

Əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir

01 sentyabr 2020 | 16:00

Azərbaycan Prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. Silahlı qüvvələrə xüsusi diqqətin ayrılmasını təbii ki, hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması şərtləndirir. Keçirilmiş sorğunun nəticələri aydın göstərdi ki, əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu Azərbaycan Prezidentinin ilin ikinci rübündə - aprel, iyun ayları ərzindəki fəaliyyətinin əks olunduğu "İnam İndeksi" nəşrinin üçüncü buraxılışı və "Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə" mövzusunda ictimai rəy sorğusuna dair hesabatın ictimai təqdimatına həsr olunan brifinqdə deyib.
O qeyd edib ki, belə ki, rəyi soruşulanların 70,7 %-i, yəni mütləq çoxluğu ölkə prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür: "24,6% respondent isə bu istiqamətdə dövlət başçısının fəaliyyətini əsasən səmərəli hesab edir. Əks mövqedən çıxış edən vətəndaşların faiz dərəcəsi 2,5-ə bərabərdir. Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə Prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, Prezidentə olan inam və etimadının artdığını bildirən 24,6% respondentin 82%-i ordu quruculuğu istiqamətində onun fəaliyyətini çox müsbət qiymətləndirir. Hətta, inam və etimadının azaldığını bildirən 2,6% respondentin 27,6%-i də ordu quruculuğu istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirir".
O davam edərək deyib ki, beynəlxalq və milli səviyyədə yeni çağırışlar, inkişaf hədəfləri dövlət idarəçiliyi sahəsində çevikliyin və səmərəliliyin artırılmasını zəruri edir. Bu istiqamətdə vacib həll yolu kimi kadr islahatları daim dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin həyata keçirdiyi kadr islahatları respondentlərin 53,9%-i tərəfindən çox səmərəli, 32%-i tərəfindən isə əsasən səmərəli kimi qiymətləndirilir. 6,5% respondent kadr islahatlarını səmərəli hesab etmir. Prezident tərəfindən həyata keçirilən kadr islahatları da ona olan inam və etimadın artmasında təsirli rol oynayıb. Belə ki, prezidentə olan inam və etibarının artdığını bildirən 24,6% respondentin 68,6%-i kadr islahatlarını yüksək qiymətləndirib. İnam və etimadının azaldığını bildirən 2,6% respondentin isə 8%-i kadr islahatlarını müsbət qiymətləndirib. Dövlət başçısının həyata keçirdiyi kadr islahatlarını çox səmərəli hesab edənlərin 81,2%-i onun korrupsiya ilə mübarizə sahəsindəki təşəbbüslərini də dəstəklədiyini bildirir. Kadr islahatlarını mənfi qiymətləndirənlərin də əhəmiyyətli hissəsi-74,3%-i korrupsiya hallarına yol verən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin doğru olduğu qənaətindədir".
E.Mirbəşiroğlu qeyd edib ki, ölkə Prezidentinin təhlükəsizlik və xarici siyasət sahələrində atdığı çevik strateji addımlar daim diqqəti cəlb edir. Hazırki mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi mövqelərə malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq sistemini qura bilmişdir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən rəyi soruşulanların əksəriyyəti də bu qənaəti bölüşür. Belə ki, respondentlərin 54%-i təhlükəsizlik və xarici siyasət istiqamətində Prezidentin fəaliyyətini çox səmərəli, 28,9%-i əsasən səmərəli hesab edir. Əks mövqe bildirənlər isə rəyi soruşulanların 6,5%-ni təşkil edir. Sözügüdən istiqamətdə cavab verməkdə çətinlik çəkənlərin faiz dərəcəsində yüksəlmə müşahidə olunub. Belə ki, 10,7% respondent təhlükəsizlik və xarici siyasət istiqamətində fəaliyyətlə bağlı sualı cavablandırmaqda çətinlik çəkib.

Keçidlər