Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyevdən növbəti diplomatiya dərsi, qətiyyət və cəsarət örnəyi

03 sentyabr 2020 | 16:00

Azərbaycanın son illər beynəlxalq imicinin yüksəlməsi, respublikamızın ən ali səviyyəli tədbirlərdə ön cərgədə iştirakı, qlobal miqyasda ölkəmizin rəyi ilə hesablaşılması və digər belə qürurverici olaylar, əlbəttə ki, hansısa təbii proseslərin nəticəsi deyil. Bu nailiyyətlər birbaşa olaraq ölkə liderinin - cənab İlham Əliyevin fövqəladə fəaliyyətinin, nümayiş etdirdiyi qeyri-adi əzmkarlığının, rəhbərlik qabiliyyətinin, yüksək diplomatik bacarığının, ən əsası isə, qətiyyət və cəsarətinin məntiqi yekunudur.
Bu gün dünyada olduqca gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü mərhələdə tam müstəqil siyasət yürüdən cənab İlham Əliyev qətiyyətli, prinsipial mövqeyi, diplomatik bacarığı ilə həm də XXI əsrin siyasi liderləri üçün zəruri olan strateji və kreativ təfəkkür sahibi olduğunu təsdiqləyir. Sentyabrın 2-də həm ölkə ictimaiyyəti, həm də beynəlxalq birlik Azərbaycan Prezidentinin diplomatik bacarığının, qətiyyətinin daha bir parlaq nümunəsinə şahidlik etdi.
Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən cənab İlham Əliyev Azərbaycan-Yunanıstan münasibətlərinin dünəni, bu günü və faktiki tam dayanmış hala qədər keçdiyi yola dair bütün məqamlara aydınlıq gətirdi. İlham Əliyev əsl həqiqəti birbaşa yunan səfirin üzünə söylədi. Yunanıstanın əvvəlki hakimiyyətinə qarşı səsləndirdiyi sərt ittihamlar, onların real faktlarla tam ifşası, əlbəttə ki, diplomatiya dərsi, növbəti qətiyyət və cəsarət örnəyi idi!..
Öncə Prezident iki ölkə arasındakı bugünkü duruma aydınlıq gətirdi: "Son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizə rəsmi səfər etmişəm, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, Baş Nazir səfərdə olub. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Beləliklə, hazırda bizim faktiki olaraq aktiv təmaslarımız, nümayəndə heyətlərinin mübadiləsi yoxdur. Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var”.
Bu fikirlərdən bir daha aydın oldu ki, münasibətlərin indiki vəziyyəti üçün məsuliyyət daşıyan tək tərəf Yunanıstandır. Azərbaycan hər zaman mövqeyinə sadiqlik nümayiş etdirib və etibarlı tərəfdaşlığını daim gücləndirməkdə maraqlı olub.
Ancaq Yunanıstanın əvvəlki hakimiyyətinin dəyişkən mövqeyi bu münasibətlərə xələl gətirdi. Prezident də bu əməkdaşlığa mənfi təsir göstərən bir neçə məsələni səfirin diqqətinə çatdırdı.
Onlardan biri Yunanıstanın qaz şirkəti "DESFA” ilə əlaqədardır. Belə ki, 6 il öncə SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında "DESFA”nı almaq üçün tenderə qoşulub. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq Baş Naziri cənab Samaras şəxsən Azərbaycan Prezidentindən xahiş edib. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi edib və "DESFA”ya sahib olmaq hüququnu qazanıb. Azərbaycan qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi edib və 4 il ərzində - 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi edib. Nəticədə Azərbaycan bu legitim hüquqdan məhrum olub.
Əlbəttə ki, bu, onsuz da aşağı səviyyədə olan əlaqələrə ciddi təsirsiz ötüşmədi. Rəsmi Bakı Yunanıstan hökumətinin belə davranışına adekvat cavab vermək məcburiyyətində qaldı. Beləliklə, bu, çox məyusedici məsələ olsa da, əlaqələrə ciddi təsir etdi.
İlham Əliyev hər şeyi açıq deməklə dövlət maraqlarının mübahisəsiz üstün tutulduğunun istənilən şərait üçün əsas olduğunu göstərdi. Yunanıstan hökumətinin rəsmən Azərbaycanı DESFA-nın alınması ilə bağlı tenderə dəvət etməsi və Azərbaycanın qalib çıxdığı tenderi sırf siyasi mülahizələrlə ləğv etməsi dövlətlərarası əməkdaşlıq müstəvisində arzuolunmaz vəziyyət yaradıb.
Prezident həmçinin Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığını da yunan diplomatın diqqətinə çatdırdı. Ermənistanın təcavüzkar və etnik təmizləmə siyasəti, həyata keçirdiyi soyqırımı aktları, pozduğu beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etməməsi ilə bağlı faktları misal çəkdi. Bildirdi ki, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan "Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir.
Ermənistan aqressiv davranır və bu ölkə Azərbaycanın düşmənidir. Bu səbəbdən də Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur: "Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”.
İlham Əliyev Tovuz döyüşlərindən, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan bu ölkəyə intensiv silah təchizatına görə sərgilədiyi sərt mövqeyi də səfirə xatırlatdı və açıq şəkildə dedi ki, Azərbaycan təkcə Yunanıstana deyil, təcavüzkara hərbi dəstək verən istənilən ölkəyə öz ciddi etirazını bildirir: "Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”.
Cənab İlham Əliyevin toxunduğu digər məqam isə son günlər Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən məsələ oldu. Prezident bu gərginliyin Azərbaycanı ciddi narahat etdiyini vurğulayaraq dedi ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, Azərbaycan üçün qardaş ölkədir. Azəraycan hər zaman heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək. Çünki Azərbaycan tarixin bütün dövrlərində və bu gün də eyni dəstəyi qardaş ölkədən görür: "Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.
Beləliklə, cənab İlham Əliyev bu görüşdə həm Azərbaycanı narahat edən bütün məsələlərə ayrı-ayrılıqda aydınlıq gətirdi, həm də sonda vəziyyəti düzəltmək üçün nə edilməsinin vacib olduğunu aydın göstərdi. Prezident bildirdi ki, Yunanıstanın bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirsə, bundan sonra təmasların bərpa olunması, müsbət dinamika yaradan məsələlərin müzakirəsi mümkün ola bilər. Yəni bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq.
Azərbaycan Prezidentinin söylədiyi həqiqətləri Yunanıstan hökumətinə çatdıracağını söyləyən səfir Nikolaos Piperiqkos dedi ki, ötən il bu ölkədə hakimiyyətə yeni qüvvələr gəlib və hökumətin bütün sektorlarla bağlı məşğul olası çoxlu məsələləri var: "Bu hökumətin əhəmiyyətli dərəcədə əhatəsi var. Hesab edirəm ki, Yunanıstanla Azərbaycanı birləşdirən daha çox şeylər var. Məsələn, beynəlxalq hüquqa hörmət. Çünki yaxşı məlumdur, Yunanıstan beynəlxalq hüququ uzun müddətdir ki, qətiyyətlə dəstəkləyir. Əlbəttə ki, bir neçə il bundan əvvəl əməkdaşlığımız yaxşı inkişaf etmişdir. Lakin yeni hökumət sizinlə əlaqə yaratmaq üçün daha yaxşı yolları tapmaq məqsədilə zəruri olanı edəcəkdir”.
Səfirin sözlərinə görə, Azərbaycan və Yunanıstan üçtərəfli və ikitərəfli əməkdaşlıq aparan çox maraqlı ölkələrdir. Azərbaycanda bu təcrübə zəngindir, hətta ölkəmizdə üçtərəfli diplomatiyanın nümunəsi var. Yunanıstan həmişə beynəlxalq hüquqa tamamilə riayət edərək Azərbaycanla münasibətlərinə zərər vurmamağa diqqət yetirir: "Düşünürəm ki, yeni hökumətimizə Sizin hökumətinizlə münasibətlərimizi yaxşılaşdırmağa imkan tapmaq üçün vaxt verildiyini nəzərə alaraq əməkdaşlığımızın gələcəyi daha yaxşı ola bilər”.
Bütün bunlar bir daha təsdiq etdi ki, Azərbaycanın qətiyyətli və prinsipial dövlət başçısı, düşünülmüş və uzaqgörən siyasət yürüdən lideri var. Cənab İlham Əliyev hər zaman olduğu kimi, yunan diplomatla görüşündə də qətiyyətlə, inamla danışdı, prinsipial mövqeyini ortaya qoydu. Bu məqamda cənab İlham Əliyevin bu qətiyyətli fikirləri yada düşür: "Biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz”.
Belə bir deyim var: "Ən böyük diplomatiya milli maraqları müdafiəetmə əzmi, ən doğru siyasət dürüstlükdür”. Cənab İlham Əliyev Prezident kimi son 17 ildəki fəaliyyətində daim milli maraqları qorumaq üçün tam müstəqil siyasət yürüdüb və hər zaman güclü diplomat keyfiyyətləri ilə beynəlxalq nüfuzunu yüksəldib və bütün bunlar onu xalqın alternativsiz liderinə çevirib.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Keçidlər