Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır

02 avqust 2020 | 16:00

Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlətimizin  başçısı Prezidenti İlham Əliyev ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Bu gün ölkəmizin hərbi potensialı, Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.  Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu ilə fəxr edir.
Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərtdir.
Vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda   əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız   gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı bir daha şahidi olduq.
Ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyən  Ermənistan işğalçılıq siyasətini davam etdirir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi. Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə düşmənə qarşı vuruşurdu.
Bu döyüşlərdə düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını itirdi. Prezident,  Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız və  ordumuz bu təlatümlü günlərdə onun yanında oldu, dəstəklədi. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir, onların qisası alınıb və alınacaq. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri   Tovuz istiqamətində şəhid olan hərbçilərin ailələrini ziyarət ediblər. Mehriban Əliyevanın tapşırığına əsasən   12 hərbçinin  ailə üzvlərinin bütün qayğılarının  daim Fondun nəzarətində olacağı  bildirilib.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.     
Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimiz  bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Silahlı Qüvvələrimizin şanlı tarixində öz yeri olacaq.

Keçidlər