Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında olması qürurvericidir

27 iyun 2020 | 16:00

Azərbaycan mürəkkəb geostrateji regionda yerləşir. Regionumuz öz coğrafi mövqeyinə görə ayrı–ayrı güc mərkəzlərinin maraq dairəsinə daxildir. Bu isə vəziyyəti bir qədər də gərginləşdirir. Tarixən də belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq. Ona görə də milli maraqlarımızı qorumaq üçün daim güclü siyasi hakimiyyətə və iqtisadiyyata, güclü diplomatiyaya və güclü orduya ehtiyacımız var. Bunlar milli gücün əsas komponentləridir və müstəqilliyimizi təmin edən vasitələrdir. Ona görə də Azərbaycan Prezidenti bu mühüm istiqamətləri öz siyasətinin prioritetləri kimi müəyyənləşdirib və həmişə diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və bu, qürurvericidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxış edərkən məhz bir daha bu məsələlərə kompleks yanaşaraq ölkəmizdə həyata keçirilən ordu quruculuğu, ordumuzun real vəziyyəti, işğalçı Ermənistanda baş verən proseslər və torpaqlarımızın erməni işğalından azad edilməsi ilə bağlı mühüm və aktual məsələlərə toxundu.
Deputat diqqətə çatdırıb ki, əslində Prezidentin nitqi görülən və görüləcək işlər, eyni zamanda, işğal faktına son qoyulması üçün hansı zəruri şərtlərin olmasının qısa məcmusu idi. Prezident İlham Əliyev qeyd etdi ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Bu fikirlər şəxsi heyətin xidmət aparması üçün bütün zəruri şərtlərin yüksək səviyyədə təmin edildiyini göstərir. Eyni zamanda, atılan bu addım Ali Baş Komandanın Milli Ordumuzun şəxsi heyətinə olan diqqət və qayğısının ifadəsidir. “Ancaq şübhəsiz ki, ordunun texniki təchizatı və döyüş hazırlığı ən ümdə vəzifələrdən biridir. Bu amil həm müharibə şəraitində canlı qüvvənin itkilərini azaldır, həm də düşmən üzərində üstünlük əldə etməyə imkan verir. Ona görə də Prezident İlham Əliyev bu məsələlərə toxunaraq bildirdi ki, son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir", - deyə Milli Məclisin deputatı əlavə edib.
O bildirib ki, bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib, hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ona görə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. “Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev işğalçı ölkədəki vəziyyətə diqqəti çəkərək Ermənistanda demokratiya adı altında diktatura rejiminin qurulduğunu bildirdi. Əslində doğurdan da işğalçı Ermənistan bu gün terroru və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istəmir. Bu isə regionda gərginliyi artırmaqla yeni müharibə təhlükəsi yaradır”, - deyə deputat qeyd edib.

Keçidlər