Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə Samux könüllülərinin fəaliyyəti hər kəsdə iftixar hissi yaradır

18 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edildi.  Ölkə Prezidentinin imzaladığı Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, gərəklilik könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır.  Könüllülük xalqın, cəmiyyətin ən xoş niyyətlərinin uğrunda fəaliyyət göstərməyə sövq edən, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı, zəngin milli-mənəvi dəyərlərimizin nadir töhfəsidir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir. 
AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.
“Böyüklərimizi qoruyaq!” devizi altında Samux  könüllüləri yüzlərlə  tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Ümumilikdə, rayonumuzda 56  könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 250 ailəyə dəstək göstərilməsində iştirak etmişdir.
AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər, Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etmişlər. Samux rayounu könüllüləri növbəti ayın əvvəlində bu aksiyaya qoşulacaqdır.
Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.
   Azərbaycan dövləti ölkə gənclərinə hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər.  Hər gün, hər addımda şahidi oluruq ki, Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşib.

Keçidlər