Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusa qarşı - Həmrəylik, birgə mübarizə

13 may 2020 | 16:00

Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü bu qlobal pandemiyaya qarşı mübarizədə həmrəylik baxımından çox vacibdir. Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verməsi və Zirvə görüşünə qatılması bir daha ölkəmizin və onun liderinin nüfuzunun çox yüksək olduğunun göstəricisidir.
Koronavirus  Çinin sərhədlərini aşanda hər kəs öz “evinə çəkilməklə”, əksər ölkələr sərhədləri bağlamaqla virusdan qoruna biləcəyini proqnozlaşdırdı və bütün addımlaı bu nikbin ehtimala uyğunlaşdırdı.  Ancaq infeksiya sərhəd tanımadan sürətlə bütün dünyanı ağuşuna aldı.   Bununla belə, zaman göstərdi ki, “taclı bəla” ilə mübarizədə özünəqapanma effektiv deyil, qlobal mübarizə, həmrəylik qaçılmazdır.
Azərbaycan  pandemiyanın yayılmağa başladığı ilk dövrdən etibarən BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa başladı.  Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalandı.
Azərbaycan dünyanı birləşdirmək missiyasını üzərinə götürdü, bu mübarizədə öncüllük nümayiş etdirdi və beynəlxalq çağırış etdi. İlk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu məzmunda zirvə görüşü təşkil edildi.
Dövlətimizin başçısının təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində əsas məqsəd türkdilli ölkələr arasında koordinasiyanın təşkili, koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığa çağırış idi.  Xüsusilə qeyd edək ki, Türk Şurasının fövqəladə Zirvə görüşü pandemiya ilə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi.
“Koronavirus pandemiyası qlobal  təhlükə olduğu üçün qlobal cavab tələb edir.  Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq.  Pandemiyanın planeti bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır” deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mübarizənin yeganə effektiv mübarizə modelini təklif etdi - “Qoşulmama Hərəkatını qoşulmağa çağırmaq”. Qoşulmama Hərəkatının əsas fəlsəfəsi münaqişələrə, bloklara qoşulmamaq, bütün xalqların suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi prinsiplərə söykənir. Ancaq  bu  dəfə  qoşulmaq  tələb olunur – söhbət ümumbəşəri bəlaya qarşı birgə mübarizədən gedir. Prezident İlham Əliyevin dediyi kimi, “Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir”.
Məlum olduğu kimi, ötən ilin oktyabrından Qoşulmama Hərəkatına rəhbərliyi Azərbaycan həyata keçirir.  Rəsmi  Bakı müxtəlif qütbləri birləşdirmək, vahid məqsədə yönləndirmək missiyasını bu dəfə də üzərinə götürdü və mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.  Qoşulmama Hərəkatını opponent kimi qəbul edən Avropa İttifaqı rəsmisinin bu Zirvə görüşündə iştirakı tarixi hadisədir və Azərbaycan Prezidentinə olan etimadın, eyni zamanda dövlətimizin başçısının çağırışına beynəlxalq miqyasda reaksiyanın təzahürüdür. Azərbaycan Prezidenti bu tribunadan da beynəlxalq birliyə səsləndi və pandemiyaya qarşı həmrəyliyin vacibliyi önə çəkdi. Yalnız birgə, düşünülmüş, qarşılıqlı dəstəyə söykənən siyasət planeti bu bəladan xilas edə bilər. Azərbaycanın da təklif etdiyi məhz bu modelin tətbiqi və coğrafiyasının genişlənməsidir.

Keçidlər