Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Samux şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatacaq

29 fevral 2020 | 16:00

Keçən il Samux şəhərinin mərkəzləşmiş içməli su sisteminin qurulmasına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dövlət büdcəsi hesabına həyata keçirilən “Samux şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişafı nəzərə alınmaqla şəhərdə 13 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihə çərçivəsində 27 min nəfər sakinin yaşadığı 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması da nəzərdə tutulur. Keçən il Gəncə şəhərindəki anbarlardan Samux şəhərinə qədər 9,3 kilometr magistral su kəməri və iki 5 min kubmetr həcmi olan su anbarı inşa edilib, nəzərdə tutulan 56 kilometr içməli su şəbəkəsinin 46 kilometri inşa olunub və 2500-ə qədər abonentə su xətti çəkilib, 1100 abonent üçün su sayğacı quraşdırılıb.
Hazırda işlər başa çatmaq üzrədir və yaxın vaxtlarda içməli su şəbəkəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla bərabər Samux şəhərində 56 kilometr kanalizasiya şəbəkəsinin, 12 kilometr kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 7 min kubmetr olan tullantı su təmizləyici qurğunun inşası planlaşdırılır.
Samux, 28 fevral, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər