Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda vaxtilə məhv edilmiş üzüm bağları yenidən dirçəldilir

02 sentyabr 2019 | 16:00

Yəqin xatırlayırsınız, “Əsgər atası” filmində bir epizod var: Gənc zabit idarə etdiyi tankı üzüm tənəklərinin üstündən sürüb keçmək istəyir. Bunu görən əsgər atası özünü tankın qabağına atır. Zabit kişinin bu hərəkətindən əsəbiləşərək yerə düşüb nəsə demək istəyəndə, atanın bircə yumruğu ilə yerə sərilir. Əsgər atası əzilmiş üzüm tənəyinin qollarını öz qolları üzərinə götürür və sanki doğma balasına ağı deyirmiş kimi, astadan gürcü dilində nəsə pıçıldayır...
Nədənsə, hər dəfə filmin bu hissəsinə baxanda ötən əsrin 80-ci illərin ortaları yadıma düşür və tankın sükanı arxasında o zabiti yox, Qorbaçovu görürəm. Bircə fərq ondadır ki, zabit bir tənəyin üstündən keçə bilmişdisə, Qorbaçov və onun başbilənləri yüz minlərlə hektar üzüm bağlarının üstündən adlamış, onları yerlə-yeksan eləmişdilər. Adını da qoymuşdular ki, alkoqolizmə qarşı mübarizə aparırıq. Nə isə, bu, çox qəribə bir məntiq və ağılsız adamların ortaya atdığı və son nəticədə, Azərbaycanın başında çatlayan uğursuz bir təşəbbüs idi. Amma ən dəhşətlisi bizimkilərin tələm-tələsik, fikirləşmədən bu təklifi reallaşdırmaq üçün xüsusi canfəşanlıq göstərmələri olmuşdu. Halbuki vaxtilə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi  ilə Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdi. Onun 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdü. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdu.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, aparılan gülünc antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilərək iqtisadiyyata ciddi ziyan vurulmuş, insanlar gəlir mənbələrindən məhrum edilmişdilər.
Yalnız ölkəmiz müstəqillik əldə etdikdən və Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra–90-cı illərin ikinci yarısından etibarən Azərbaycanda üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaradılmış və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008-ci illər)”, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və bu qəbildən olan digər mühüm sənədlər vəziyyəti tədricən nizama salmışdır. “2012–2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi isə bir daha göstərdi ki, iqtisadiyyatın bu sahəsi nəinki unudulmayıb, əksinə, onun bundan sonra daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər görülür.
Bu ilin iyul ayının 31-də ölkə Prezidenti İlham Əliyevin keçirdiyi müşavirə də onu təsdiq edir ki, nəinki insanların ərzaq bolluğunu təmin etmək, həm də onların dolanışığının hərtərəfli təmin olunması üçün ölkəmizdə necə böyük işlər görülür. Prezident həmin müşavirədə demişdir: “Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən, bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın”.
...Samux rayonundayam. Vaxt var idi bu rayon üzümçülükdə ad-san qazanmışdı. Ötən əsrin 80-ci illərində o zamankı Xanlar rayonunun tərkibində olsa da, təkcə Samux bölgəsi ildə 110-120 min ton üzüm istehsal edirdi. Yadımdadır, o illərdə ulu öndər Samuxun müxtəlif üzümçülük təsərrüfatlarına gələrdi, üzümçülərlə söhbətlər edərdi, problemləri ilə maraqlanardı, onları ruhlandırardı. O zaman 150 min ton üzüm emal edə bilən 9 zavod var idi. Bu zavodlarda hər il orta hesabla 100-130 min ton üzüm emal edilirdi. İstehsal olunan təxminən 7 milyon dekalitr şərab Rusiya bazarlarına göndərilirdi. Rayon büdcəsinə bilirsiniz nə qədər vəsait daxil olurdu? İndiki qiymətlərlə 55 milyon manat! Bəs indi? Bu müəssisələrin çoxu dağıdılıb. O gördüyümüz üzüm bağları da daha yoxdur... İndi yeniləri salınır. Keçən il 15 hektar salınıb, bu il də salınacaq. Hazırda rayonda 1025 hektar yeni salınmış üzum bağı var. Bu bağların 488 hektarı sufrə uzüm sortları, 537 hektarı isə texniki üzüm sortları təşkil edir. Bağlardan 2018-ci ildə ümumi məhsuldarlıq 93 sentner olmaqla 9 min 584 ton üzüm yığılmışdır.
Rayon Aqrar  İnkişaf Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Rahil Həsənov da təəssüflə qeyd edir ki, vaxtilə üzüm bağlarının məhv edilməsi iqtisadiyyata milyardlarla manat ziyan vurmuşdur. Deyir ki, üzümçülük bir çox digər sahələrdən fərqli olaraq kifayət qədər sərmayə qoymağı tələb edir və onun bəhrəsini ən yaxşı halda 3-4 ildən sonra görmək mümkündür. Ona görə də fikirləşmədən yüz minlərlə hektar üzüm bağlarının məhv edilməsi adama çox pis təsir edir. Lakin respublikamızda kənd təsərrüfatının digər sahələri kimi, üzümçülüyün də inkişaf etdirilməsinə dövlət səviyyəsində mühüm önəm verilməsi bu sahəyə maraq göstərənlərin sayının ilbəil artmasına gətirib çıxarır ki, buna da yalnız sevinmək lazımdır.
Samuxda hazırda görülən işlər ümid verir ki, yaxın illərdə bu rayon özünün əvvəlki şan-şöhrətini bərpa edəcəkdir. Rayon icra hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi fermerlərə hərtərəfli şərait yaradırlar ki, bu sahə ilə məşğul olanlar çətinliklərlə üzləşməsinlər. Dirək, məftil, dərman preparatları və sair bu kimi lazımı materialların alınıb gətirilməsində əvvəlki illərdə yaranmış problemlər tədricən aradan qaldırılır.
Bir neçə təsərrüfata baş çəkdik. Artıq süfrə üzümünün yığımına başlanılıb. Yeri gəlmişkən, ən böyük problem bu sort üzümün bazarı ilə bağlıdır. Texniki sortu yetişdirib satmağa nə var ki... Şərab emalı zavodları istehsalçını özləri axtarıb tapır. Di gəl, ucuz qiymətə almağa çalışır və elə buna da nail olur. Lakin süfrə üzümü bahadır və onu yetişdirmək də, münasib qiymətə satmaq da çətindir. Düzdür, rayonda elə fermerlər var ki, əsasən, texniki sort yetişdirirlər. Məsələn, Ağasıbəyli kəndində Nəsrullah Nəzərovun yetişdirdiyi 46 hektardan çox üzümün 40 hektarı texniki sortdur. Sərkar kəndində Namiq Quliyevin 50 hektarından 40-ı texniki sortdur. Qarabağlılar kəndində Şakir Allahverdiyevin əkdiyi 103 hektar üzümün hamısı texniki sortdur. Lakin sırf süfrə üzümü yetişdirən fermerlər, MMC-lər də az deyil.
Samux rayon mərkəzində Mosu Hüseynovun əkdiyi 23 hektardan çox üzümün hamısı süfrəlikdir. Söhbət zamanı dedi ki, üzümçülük gəlirli sahədir. Düzdür, bəzən onu lazımi qiymətə sata bilmədiyimizə görə əziyyətimiz hədər gedir. -Texniki sort kimi təhvil verəndə də gəlirimiz az olur. Lakin qətiyyən ruhdan düşmürük. Görürük ki, Prezidentimiz bizə hər cür şərait yaradıb və biz bu məhsulun hesabına nəinki ailəmizi dolandırırıq, hələ bir ev-eşik də qura bilirik. Keçən il 276 ton məhsul satmışıq.
Nəriman Ələkbərovun Samuxda 8 hektar, Kərim Əliyevin 3 hektar, Diləfruz Məmmədovanın Zazalı kəndində 13,5 hektar üzüm bağı var. Məhsuldarlıq da ildən-ilə artır.
Sərbiyə Məmmədova, fermer: Mən Prezidentimizə hədsiz minnətdaram ki, bizə hər cür şərait yaradıb. Bir ara qorxurduq ki, məhsul yetişdirərik, batar, sata bilmərik. İndi bu, sadəcə mümkün deyil. Cəmi 3 hektardan bir qədər çox üzüm sahəm var. Keçən il 34 ton məhsul əldə etmişəm. Bu il daha çox olacaq. İndi işləmək çox asandır. Subsidiya, kredit ala bilirsən, su problemlərin həll olunur, bir xahiş edirsən, həmin an reaksiya verilir və sair... Bütün bunlar cənab Prezidentimizin xidmətləridir.
Nadir Səmədov, fermer: Mən də süfrə üzümü yetişdirirəm. Keçən il 5 hektardan çox bağım olub və 41 ton məhsul satmışam. Doğrudur, məhsuldarlıq hələlik özümü qane etmir. Bu il daha yaxşı olacağını gözləyirəm. Azərbaycan Prezidenti İlham Əliyevin bir ay qabaq keçirdiyi müşavirədə kənd təsərrüfatının necə sürətlə inkişaf etdiyini konkret rəqəmlərlə göstərməsi ürəyimi dağa döndərdi. Sevinirəm ki, bu inkişafda az da olsa mənim də zəhmətim var. Hərə öz sahəsində nəsə bir balaca məsuliyyətli olsa, həm özü yaxşı dolanar, həm də ölkəmizdə məhsul bolluğu yaranar.
....Üzüm elə bir məhsul növüdür ki, gərək səbrli olasan, illərlə onun nazını çəkəsən, hər şıltaqlığına dözəsən. Yalnız o zaman səni sevindirəcək, ruzi-bərəkət gətirəcək. Samuxda bunu yaxşı bilirlər. Bilirlər ki, müstəqil dövlətin hər bir ağaçı da, tənəyi də onun müqəddəs nemətidir. Daha heç kəs bu neməti 35 il qabaq olduğu kimi, onun əlindən ala bilməz.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin  bölgə müxbiri

Keçidlər