Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda yeni salınan yaşayış massivlərinə yol çəkilir

23 iyul 2019 | 16:00

Samux rayonunda abadlıq-quruculuq işləri çərçivəsində rayon mərkəzində və kəndlərdə yeni yollar salınır, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün səki daşları düzülür. Heç şübhəsiz ki, görülən işlər sakinlər tərəfindən  minnətdarlıqla qarşılanır.
Bəsti Məmmədova – sakin: “Əvvəl küçəmiz çox pis vəziyyətdə idi. Uşaqlarımız məktəbə, bağçaya gedib-gələ bilmirdilər. Qışda qapıdan çölə çıxmaq mümkün deyildi. İndi, çox şükür, dövlətimiz yaxşı işlər görür. Bizim də küçəyə asfalt örtük çəkilib. Biz də bundan ruhlanırıq”.
İllərdir bu sarıdan əziyyət çəkən və yeni yolun çəkilişinə sevinən yalnız Bəsti Məmmədova deyil. Artıq Hacı Zeynalabdin Tağıyev, Şah İsmayıl Xətai və Alı Mustafayev küçələrinin sakinləri də yeni yolun sevincini yaşayırlar. Hazırda abadlıq-quruculuq işləri Dostluq və Xəzər küçələrində davam etdirilir. Yeni yolun çəkilişi sakinlərin köklü problemlərinin həllində mühüm rol oynayacaq. Sözügedən ərazilər yeni salınan yaşayış massivi olduğundan bu küçələrə ilk dəfədir asfalt örtük çəkilir.
Faiq Salmanov – sakin: “Bizim ən ağrılı yerimiz yol idi. Qışda palçıqdan, yaydan toz-torpaqdan durmaq mümkün olmurdu. Yayda aynanı aça bilmirdik. İndi şükürlər olsun ki, bugünkü gün bizim bu arxa küçəmizə gətirib asfalt örtük çəkiblər. Bizim bu sahədə işimiz yaxşılaşdı. Maşınlarımız tez-tez sıradan çıxırdı. İndi hər şey yaxşıdır”.
Elşən Hüseynov - sakin: “Biz bu gün həqiqətən çox sevinirik ki, küçəmizə asfalt salınır. Qış mövsümündə uşaqların məktəbə gedib-gəlməsi çətin olurdu. İndi asfalt salındı. Çox sevinirik, sağ olsunlar”.
Küçələrə asfalt örtüyünün salınması ilə yanaşı, piyadaların rahat və təhlükəsiz hərkətinin təmin edilməsi üçün səki daşları da düzülür. Həmçinin gecə işıqlandırma dirəkləri basdırılır. Ərazidə əhalinin artan sayı nəzərə alınaraq yeni infrastruktur layihələr həyata keçirilir. Abadlıq-quruculuq işləri ilə yerində tanış olan rayon rəhbərliyi sakinlərin müraciət və təkliflərini dinləyib. İşlərin kefiyyətlə və vaxtında yerinə yetirilməsi üçün müvafiq göstərişlərini verib. Samux rayonunda yol təsərrüfatının yenidən qurulması istiqamətində layihələr dövlət proqramı çərçivəsində davam etdirilir. Rayonda Kürqırağı kəndlərdən sonra növbəti il Eldar zonasında yeni yolun çəkilişi planlaşdırılır.

Natiq Hüseyn

Keçidlər