Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili İşlər naziri Gəncədə sıra baxışı keçirib

08 iyun 2019 | 16:00

Kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyunun 8-də Gəncə şəhərində Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər və rayonlarındakı polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək üçün müraciət edən gənclərin sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aidiyyəti baş idarə və ərazi polis orqanları rəislərinin də iştirak etdikləri tədbirdə həmin bölgələrdə yaşayan, post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən 380 nəfər iştirak edib. Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. İddiaçıların arasından daha hazırlıqlı olan 170 nəfər seçilib. Onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.
Tədbirdə çıxış edən nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mükəmməl təhsilə, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin dövlət idarəçiliyində daha geniş təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladıb. General-polkovnik Ramil Usubov bu istiqamətdə daim zəruri addımların atıldığını, hazırkı seçimin də bu sahədə həyata keçirilən məqsədyönlü kadr siyasətinin növbəti təzahürü olduğunu bildirib. Qeyd olunub ki, şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.
Nazir Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara tövsiyələrini verib və gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Bakı, 8 iyun, AZƏRTAC

Keçidlər