Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxlu məktəblilər maarifləndirici tur-aksiyaya böyük həvəslə qoşulublar

14 noyabr 2018 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasına Samux məktəbliləri də qoşulublar. Məktəblilər noyabrın 14-dən 17-dək Lənkəran-Astara-Masallı marşrutunun iştirakçıları olacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə rayonun Heydər Əliyev Parkında tur-aksiya iştirakçılarının yolasalma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd edib ki, maarifləndirici tur-aksiyalara rayonun ümumtəhsil məktəblərinin şagirdləri böyük həvəslə qoşulurlar. Aksiyanın budəfəki mərhələsində rayon üzrə 40 məktəbli iştirak edəcək. Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitməyəcək. Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat veriləcək.
Məktəblilərin diqqətinə çatdırılıb ki, onlar “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın cənub bölgəsinin cənnət guşələri olan Lənkəran-Astara-Masallı marşrutunun iştirakçıları olacaqlar. Ekskursiya çərçivəsində şagirdlər bölgənin adət-ənənələri, ləzzətli mətbəxi, təbiət gözəllikləri, zəngin meşələri, qonaqpərvərliyi ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.
Həmçinin şagirdlərin gedəcəyi rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, qədim tarixi abidələri, gənclər mərkəzləri, olimpiya kompleksləri, bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanışlıq onların yaddaşında silinməz izlər buraxacaq.
Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov tur-aksiyanın əhəmiyyətindən söz açaraq, şagirdlərin tanış olacağı Lənkəran-Astara-Masallı bölgəsi haqqında məlumat verib. Həmçinin şagirdlərə tur-aksiya zamanı yeni biliklər öyrənmələrini və dostlar qazanmalarını tövsiyə edib.
Mərasimdə çıxış edən müəllimlər və valideynlər şagirdlər üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda ulu öndər Heydər Əliyevin mərkəzdə ucaldılmış abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən tur-aksiya iştirakçıları Lənkəran şəhərinə yola düşüblər.
Samux, 14 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər