Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon gəncləri 02 oktyabr 2018-ci il tarixdə , Gəncə şəhərində təşkil olunan Azərbaycan gənclərinin VIII forumunun zona toplantısında iştirak ediblər.

03 oktyabr 2018 | 16:00

Azərbaycan Gənclərinin VIII Forumunun ilk Zona toplantısı Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümünə həsr edilib. Toplantıda Gənclər və İdman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Millət vəkilləri, şəhər ziyalıları və gənclər iştirak ediblər. Zona toplantısında Qərb bölgəsinin 12 şəhər və rayonu ümumulikdə 300 gənclə təmsil olunub.

"Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi" şüarı altında baş tutan tədbirdə bildirilib ki, bu il müsəlman Şərqində ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd edilir. İki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub. O, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb. Azərbaycan Xalq Cümhuriyyətin Gəncə dövrü isə xüsusi qeyd olunmalıdır. Yeni dövlətin ilk addımları məhz bu müqəddəs şəhərdə atılıb. Cümhuriyyətin 3 aylıq Gəncə dövrü ərzində 100-lərlə tarixi əhəmiyyətli qərar və qanun qəbul edilib.

Toplantıda Azərbaycan Gənclərinin Forumunun keçirilməsinin önəmindən də söz açılıb. Qeyd olunub ki, Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü 1996-cı ildə ümumilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Bu təşəbbüs gənclərinin ölkə və cəmiyyətin inkişafında, habelə öz problemlərinin həllində rolunu artırmaq, onların bu istiqamətlə məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin dövlət qurumları və hökumət nümayəndələri ilə açıq ünsiyyətini yaratmaq məqsədi daşıyır.

Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçisi Niyazi Bayramov, Prezident İlham Əliyevin apardığı uğurlu gənclər siyasətindən söz açıb. Şəhər rəhbəri bildirib ki, Respublikanın hər yerində olduğu kimi Gəncədə də gənclərə xüsusi diqqət və qayğı göstərilir. Şəhər əhalisinin 32 faizini gənclər təşkil edir. Bu gün Gəncəli gənclər təhsil, mədəniyyət və idman sahələrində yüksək nəticələr əldə edirlər. Uğur qazanan hər bir gənc isə ölkənin parlaq gələcəyinə olan inamı daha da artırır. 

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da gənclərin fəallığının, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bölgələrdə Gənclər evlərinin inşası onların məşğulluğu işinə, eləcə də bilik və bacarıqlarının artırılmasına mühüm töhfədir. Nazir qeyd edib ki, bu gün Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər.

Tədbirdə söz alan Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini diqqətə çatdıraraq bunu tarixi hadisə adlandırıb. O, son illərdə təhsil sahəsində qazanılan uğurları dövlətin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirib. Bu gün həyata keçirilən islahatlar, təhsil obyektlərinin yenilənməsi sahəsində görülən işlər təhsilin keyfiyyətinin yüksəldilməsinə hesablanıb. Gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyümələri istiqamətində vacib işlər görülür.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Millət vəkili Şahin İsmayılov çıxış edərək, son illərdə ölkədə qəbul olunan dövlət proqramlarından söz açıb. Sədr bildirib ki, həmin proqramlarda vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və digər məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır. Sevindirici haldır ki, Azərbaycan gəncləri ictimai fəallığı ilə seçilirlər. Gənclərimiz sosial, iqtisadi, humanitar tədbirlərdə fəal iştirak edir, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan faydalanırlar. Ölkəmizdə gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub.

Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində ilk Zona toplantısında gənclərə də söz verilib. Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Yevlax, Mingəçevir və Kəlbəcər şəhər və rayonlarını təmsil edən gənclər, “Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi” mövzusu ətrafında çıxışlar edib, fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov gəncləri maraqlandıran sualları cavablandırıblar. Regionlarda kitab evlərinin yaradılması, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramlarının qəbulu və “Start-up” layihələrinin dəstəklənməsi kimi məsələlər gəncləri daha çox maraqlandırıb.

Tədbirin sonunda Azərbaycan Gənclərinin VIII Forumunda iştirak etmək üçün 120 gənc seçilərək, təstiqlənib.

Bildirək ki, Azərbaycan Gənclərinin VIII Forumu üç ildən bir keçirlir. Bu ilki Forum noyabr ayına təsadüf edəcək.

Keçidlər