Şriftin ölçüsü :

Saytın rəngi :

Bu ilin birinci yarısında Samux rayonu iqtisadiyyatının bütün sahələrində artım dinamikası davam edib

16 iyul 2018 | 16:00

2018-ci ilin birinci yarısında Samux rayonu iqtisadiyyatının bütün sahələrində artım dinamikası davam edib. Eyni zamanda, rayonda tikinti-quruculuq və abadlıq sahəsində işlər daha da sürətləndirilib.
Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 75,2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 20,2 faiz çoxdur. Cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 34,8 faiz artaraq 4,4 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 25,7 faiz artaraq 40,6 milyon manat, tikinti 40,2 faiz artaraq 9,4 milyon manat təşkil edib. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz, əsas kapitala yönəldilən investisiya 37,5 faiz artıb.
AZƏRTAC-ın bölgə müxbiri məlumat verir ki, bu barədə Samux rayonunda 2018-ci ilin altı ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Alı Qocayev hesabat məruzəsində deyib.
Yığıncaqda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, bu ilin 6 ayı ərzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində rayonda görülən işlər davam etdirilib. Belə ki, Burunqovaq kəndində modul tipli məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Şəhərin Heydər Əliyev və Kolayır prospektlərində, Nəriman Nərimanov, Elçin Məmmədov, Arif Nəbiyev küçələrində, Kür yolunda aparılan yenidənqurma və bərpa işləri başa çatdırılıb. Prospekt və küçələrdə, həmçinin qəsəbələrdə ümumilikdə 130 müasir işıqlandırıcı quraşdırılıb və abadlıq işləri həyata keçirilib.
Uzunluğu 15,3 kilometr olan İnstitut - Çobanabdallı - Lək - Sarıqaya və uzunluğu 12,7 kilometr olan Yenikənd-Köbər-Qaraağaclı kəndlərarası avtomobil yollarında yenidənqurma və bərpa işlərinə başlanılıb.
Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilib. Hazırda rayonda “Aqro Dairy” MMC, “Boz dağ” Heyvandarlıq Kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , “Vest Milk” MMC, “Murovdağ” Kəndli Fermer Təsərrüfatı, Heyvandarlıq və Yemçilik Müəssisəsi, “Region Aqro” MMC kimi iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda, rayonda 155 müasir istixana qurulub, onların da ümumi sahəsi 75 hektar təşkil edir. Bu istixanalarda il ərzində 8 min tondan çox faraş tərəvəz - pomidor, xiyar yetişdirilir. Həmin məhsulların çox hissəsi MDB ölkələrinə ixrac edilir.
Respublikanın hər yerində olduğu kimi, Samux rayonunda da əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, 6 ay ərzində 165-i daimi olmaqla 377 yeni iş yeri yaradılıb. Yaradılmış yeni iş yerlərindən 12-i Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 11 layihə üzrə verdiyi 111 min manat güzəştli kreditin hesabınadır.
İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Samux rayonunda cari ildə sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilib. 2018-ci ilin məhsulu üçün 10 min 675 hektar sahədə taxıl əkilib ki, onun da 6 min 570 hektarı buğda, 4 min 105 hektarı isə dən üçün arpadır.
Cari ildə 12 min 141 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Onlardan 526 hektarı şəkər çuğunduru, 2 min 865,5 hektarı dən üçün günəbaxan, 245 hektarı kartof, 710 hektarı tərəvəz, 212 hektarı bostan bitkiləri, 359 hektarı qarğıdalı, 400 hektarı pambıq və sair bitkiçilik məhsullarıdır.
Bu ilin iyul ayınadək sahələrdən 31 min 458 ton taxıl məhsulu yığılıb ki, bunun da 18 min 308 tonu buğda, 13 min 150 tonu isə arpadır. Məhsuldarlıq 34,5 sent təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəkindən (26,1 sentner) 8,4 sentner və ya 32,2 faiz yüksəkdir.
Bu ilin birinci yarısının statistik məlumatlarına əsasən rayonda iribuynuzlu mal-qaranın sayı 23 min 659 başa çatıb. Bunlardan ana inək və camışların sayı 11 min 886 baş təşkil edir. Qoyun və keçilərin sayı isə 151 min 87 başdır.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu məqsədlə ölkə başçısının “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” müvafiq sərəncamlarına uyğun olaraq rayonda 56 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan bu günədək 46-sı istifadəyə verilib, 5 quyu qazılıb, digər 5 subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür.
Sonra müxtəlif idarə və təşkilat rəhbərlərinin hesabat məruzəsi dinlənilib, ilin sonunadək rayon üzrə görüləcək işlər müzakirə edilib.
Samux, 16 iyun, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər