Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.

18 aprel 2018 | 16:00

2018-ci ildə  Azərbaycan iqtisadiyyatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  düşünülmüş neft-qaz strategiyasının reallaşdırılması nəticəsində formalaşan dayanıqlı maliyyə resursları mövcud sənaye potensialından səmərəli istifadə imkanlarını kifayət qədər genişləndirmişdir. Hazırda regionlarda sürətlə yaradılan sənaye zonaları və sənaye məhəllələri çərçivəsində ölkənin müxtəlif bölgələrində onlarla yeni müəssisələr qurulub istifadəyə verilir. Bu müəssisələr artıq iqtisadiyyatın inkişafında öz sözünü deməyə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci  ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu haqda ətraflı danışılmış və ölkə başçısı proqram xarakterli çıxışlarında  iqtisadiyyatda və digər sahələrdəki  vəziyyəti geniş təhlil etmiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
İclasda qeyd edilmişdir ki, bu ilin birinci rübündə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunu artırır, Azərbaycanı dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim edir. Məhz bu tədbirlər arasında VI Bakı Qlobal Forumunu xüsusilə qeyd etmək lazımdır. Dünyada keçirilən aparıcı forumlar arasında Bakı Beynəlxalq Forumu qısa müddət ərzində öz layiqli yerini tuta bilmişdir. Birinci rübdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər etmişdir. Bu səfərlər də ölkəmizin dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynayır.
Bu il ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu, çox önəmli beynəlxalq tədbirdir. Bildiyiniz kimi, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Azərbaycan bu təşkilata 7 il bundan əvvəl üzv olmuşdur və qısa müddət ərzində təşkilatda böyük rəğbət və hörmət qazana bilmişdir. Məhz bunun nəticəsidir ki, belə bir mötəbər beynəlxalq tədbir məhz ölkəmizdə keçirilmişdir.
Bütün bu beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənir.
Bu il Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirmişdir. Bu təlimlər bir daha ölkəmizin gücünü göstərdi, düşməni qorxuya saldı. Hərbi amil münaqişənin ədalətli həlli üçün mühüm rol oynayır və bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən ardıcıl işlər aparılır.
İlin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmış və bu artım dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorunda isə təxminən 3 faiz artım olmuşdur ki,  bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir.
Dövlətimizin başçısı nitqlərində  qeyd edib ki, birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artıb. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb ki, bu  rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artmış və  bu artımın tərkibində bitkiçillikdə daha yüksək nəticələr əldə olunmuşdur,belə ki burada  artım 50 faizdən çox təşkil edir.  Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır.
Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir.
Həqiqətən, dünyada baş verən bütün iqtisadi çaxnaşmalara və maliyyə böhranlarına baxmayaraq, Azərbaycan 1994-cü ildən üzü bəri xarici investorlar üçün həmişə cəlbedici ölkə olmuşdur və bu gün də belədir. Əks halda Azərbaycan qlobal regional layihələrdə nəinki iştirak edə, hətta onların reallaşmasında əsas və aparıcı ölkə ola bilməzdi. Belə olmasaydı, həmin layihələr hesabına bu gün Azərbaycanın valyuta ehtiyatları 44,2 milyard dollara çatmazdı. Təkcə cari ilin 3 ayında ehtiyatlarımız  2,2 milyard dollar artmışdır.
Sosial məsələlərin həllinə də daim dövlət başçısının diqqətindədir və  birinci rübdə maaşlar və pensiyalar artırıldı. Bu məqsədlər üçün dövlət büdcəmizdən yüz milyonlarla manat vəsait ayrıldı. Bu addım bir daha onu göstərir ki, dövlət siyasətinin  mərkəzində Azərbaycan vətəndaşı dayanır.
İclasda qeyd edilmişdir ki, birinci rübdə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapır. Yeni xəstəxanalar, məktəblər inşa edilir, rüb ərzində ölkə başçısı tərəfindən  bu məsələlərin həlli üçün sərəncamlar verilmişdir. Yeni idman obyektləri, yeni “ASAN xidmət” mərkəzləri tikilir. Yəni, bu gün Azərbaycanda tikinti sektorunda böyük canlanma var. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikintisində getdikcə sürətlənir.

Ölkəmizdə ümumi inkişaf dinamikası çox müsbətdir. Azərbaycan dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır, birinci rübdə 12,5 faiz artmışdır. Bunun da bir çox səbəbləri var - Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz, infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Eurovision” müsabiqəsi və Formula 1 yarışları xüsusi rol oynayır.  Çünki Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar respublikamızın  mərkəzində keçirilir. Bu da tamaşaçılarda olkəmizə qarşı geniş maraq yaradır.
Gələn ay ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək. Bu tarixə nəzər salarkən görürük ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər qüdrətli dövlət olmamışdır. Burada  Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti əsas amildir.
Heç kim şübhə etmir ki,  yenidən növbəti yeddi il üçün  Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan bundan sonrakı dövrlərdə də uğurla inkişaf edəcək. Bu gün Azərbaycanın reallıqları  onu göstərir ki, xalqımızın seçimi düzgün seçimdir.
2018-ci ilin  birinci rübünün yekunu ilə bağlı görülmüş işlərin təhlili göstərir ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası davam etmişdir. Eyni zamanda rayonda tikinti-quruculuq və  abadlıq işləri sahəsində işlər uğurla aparılmışdır. Birinci rübün sosial-iqtisadi inkişafının əsas iqtisadi göstəriciləri  bunu deməyə əsas verir. Belə ki, hesabat dövründə    rayon üzrə  ümumi  məhsul  buraxılışının həcmi 26,7 milyon  manat  olmuşdur  ki,  bu  da ötən ilin müvafiq dövründəkindən    (24,1 mln.manat)  10,9  faiz  çoxdur.  Cari  ilin üç ayında ötən  ilin  müvafiq  dövri  ilə  müqayisədə sənaye məhsulunun həcmi 38,3 faiz artaraq 2,8 milyon manat,    kənd  təsərrüfatı  məhsullarının həcmi 8,6  faiz  artaraq  11,4 milyon  manat,  tikinti 14,9 faiz artaraq  2,6 milyon manat təşkil etmişdir.   Hesabat dövründə pərakəndə  əmtəə  dövriyyəsi  4,7 faiz, əsas kapitala yönəldilən investisiya 10,9 faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 27 fevral tarixli 18 saylı Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində  rayonda görülən işlər davam etdirilmişdir. Belə ki, Burunqovaq kəndində inşa edilmiş modul tipli məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Şəhərin  Heydər Əliyev və Kolayır prospektlərində, Nəriman Nərimanov, Elçin Məmmədov, Arif Nəbiyev küçəlrində, Kür yolunda aparılan yenidənqurma və       
bərpa işləri başa çatdırılmışdır. Yararsız bort daşları və tavalar sökülərək yenilənmiş, keyfiyyətsiz hasarlar yenidən hörülmüş, suvanma və  rəngləmə işləri həyata keçirilmişdir. Heydər Əliyev pprospektində və Arif Nəbiyev küçəsində hasarların “Aqlay” tava daşları ilə üzlənməsi və bərpa işləri aparılmışdır. Kolayır prospektində 54, Elçin Məmmədov küçəsində 27, Kür küçəsində 27, Nəriman Nərimanov küçəsində 8 ədəd olmaqla,ümumilikdə 116 ədəd, eyni zamanda Qarayeri qəsəbəsində 14 ədəd müasir işıqlandırıcı quraşdırılmış və abadlıq işləri həyata keçirilmişdir.
Rayonun Çobanabdallı kəndində  yataqxana tipli, ikimərtəbəli bir bloklu, hər biri 16 mənzilli, ümumi sahəsi 2020 kv.m. olan iki binada blokların təmiri, qapı və pəncərələrin quraşdırılması işləri aparılır. İstixana kəndində ikimərtəbəli, iki bloklu, hər biri 12 mənzilli,sahələri 1445 kv.m olan iki binada isə təmir-bərpa işlərinə başlamaq üçün hazırlıq işləri aparılır.
Rayonun  uzunluğu 15,3 km olan İnstitut - Çobanabdallı-Lək- Əli Bayramlı və uzunluğu 12,7 km olan Yenikənd -Qırmızı Samux kəndlərarası avtomobil yollarında yenidənqurma və bərpa işlərinə başlanmışdır. Hazırda həmin yolların torpaq yatağının bərbası, qazıntı və su keçidlərinin quraşdırılması işləri başa çatmışdır.
Azərbaycan kənd investisiya layihəsi çərçivəsində rayonun Qırmızı Samux qəsəbəsində, Yenikənd, Lüksemburq, Çobanabdallı, Qarabağlar və Əli Bayramlı kədlərində daxili yolların təmir-bərpa işlərinə başlamaq üçün sənədləşmə işləri başa çatmışdır. Yaxın vaxtlarda işlərə start veriləcəkdir.
Rüb ərzində  bütün  istiqamətlərdə  yolların  çiyin  hissələri  avtoqreyderlə  plana  salınmış,  torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir.  Gəncə - Samux, Samux - Lək, Samux- İnstitut, Qırmızı Samux-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında və çiyin hissələrində 65 min m2 sahədə çınqıl materialı ilə təmir işləri aparılaraq 9,0 min m3 həcmində çınqıl materialı işlədilmişdir.
Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ”  heyvandarlıq kompleksi,  “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , Vest Milk MMC, Murovdağ Kəndli fermer təsərrüfatı, Hevandarlıq və Yemçilik müəssisəsi, “Region Aqro” MMC kimi  iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda  153  müasir  istixana fəaliyyət göstərir ki,  onların da ümumi sahəsi 72,6 hektardan təşkil edir.  Bu istixanalarda il ərzində 8000 tondan cox faraş tərəvəz - pamidor, xiyar yetişdirilir. Bu məhsulların cox hissəsi MDB ölkələrinə ixrac olunur.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, rüb ərzində 79-u daimi olmaqla 271 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 4-ü Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 4 layihə üzrə verdiyi 26,0 min manat güzəştli kreditin hesabınadır.
Bununla bərabər işaxtaran vətəndaşlar arasında özünəməşğulluq proqramının həyata keçirilməsinə başlanmışdır. Bu proqrama 27 nəfər cəlb edilmiş, müvafiq söhbətlərdən sonra, onlardan 25 nəfəri Beynəlxalq Əmək Təşkilatının təlimlərinə qatılmış və bir aylıq təlimlər başa çatmışdır. Müvafiq müsahibədən sonra məqbul hesab edilmiş biznes planlar üzrə özünəməşğulluq təmin ediləcəkdir. Qeyd edək ki, ötən il 9 nəfərlə özünəməşğulluq layihəsi üzrə müqavilə bağlanmışdır və hazırda uğurla icra edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan  irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə,  iqtisadiyyatının  əsasını   aqrar  sektor  təşkil  edən rayonumuzda  cari ildə  sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. 2018-ci  ilin  məhsulu  üçün 9924,0  hektar  sahədə taxıl əkilmişdir ki, onun da  6293,0 hektarı  buğda,  3629,0  hektarı  dən  üçün  arpadır.
Cari ildə 2167 hektar sahədə  yazlıq  bitkilərin  səpini    aparılmışdır.  Onlardan 807,0 hektarı şəkər çuğunduru, 869,0 hektarı dən üçün günəbaxan,  168,0  hektarı  kartof, 323 hektarı  tərəvəzdir. Ölkə başçısının şəkər cuğunduru əkininin stimullaşdırılması ilə bağlı imzaladığı məlum sərəncamdan sonra bu sahəyə diqqət daha da artmışdır. Cari ildə 1000 hektardan yuxarı şəkər çuğunduru əkilməsi proqnozlaşdırılır.
2018-ci  ilin  01 aprel  tarixinə  iri  buynuzlu  mal-qaranın  sayı 23 683 baş  olmuşdur. Bundan  ana inək və camışların  sayı  11862 baş təşkil edir. Qoyun və keçilərin  sayı 154653 başdır.
Birinci rübdə 1471 ton diri  çəkidə  ət, 7244 ton süd,  2,5 milyon  ədəd  yumurta  istehsal  olunmuşdur. Heyvandarlıq mənsullarının istehsalında da  ötən ilin müvafiq dövrü ilə müqayisədə artım vardır.
  Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 56 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki ,onlardan 46-sı istifadəyə verilmişdir. Digər 10 subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür.
Bununla bərabər 2018-ci  ilin birinci rübü  ərzində 96 ədəd nasos, 14 ədəd  elektrik   avadanlığı  təmir  edilmişdir. Torpaqların  suvarılması  üçün  kanallarda 80 min m3  lildən  təmizləmə, 21 min m3  sahilbərkitmə işləri  görülmüşdür. Kanallarda 9 ədəd hidrotexniki qurğu, 4 ədəd   hidropostlar təmir edilmiş, 3200 m2  kol-koslardan  təmizləmə  işləri  aparılmışdır. Rüb   ərzində  Gəncə  çayında  4 min m3, Qabırrı  çayında 3 min  m3, Qoşqar çayında 2 min m3 əlavə  sahilbərkitmə  işləri  görülmüşdür. 
Rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  2018-ci ilin birinci rübü  ərzində Samux şəhərinin Kolayır massivində, Sərkar, Ziyadlı və Çobanabdallı kəndlərində elektrik şəbəkəsinin yenidənqurulması işləri həyata keçirilir. Kolayır massivində 10 kv-luq hava xəttinin yenidən qurulması üçün 476 ədəd dayaq basdırılaraq 83,0 km As 70 naqili çəkilmişdir.  Rüb ərzində Kolayır massivində 9, Əli Bayramlı kəndində 1, Yuxarı Ağasıbəyli kəndində 1, Aşağı Ağasıbəyli kəndində 1 ədəd, ümumilikdə 12 ədəd yeni kompleks transformator məntəqəsi (KTM) quraşdırılmışdır. Eyni zamanda Sərkar kəndinin girişində 1 ədəd 6/10 kv-luq 2,5 MVA gücündə transformator quraşdırılmışdır. Sərkar, Ziyadlı, Çobanabdallı və Burunqovaq kəndlərində ümumilikdə 7,3 km SİP  naqil çəkilmişdir.
Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Rüb  ərzində rayonun abonentlərin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə müvafiq təmir-bərpa işləri həyata keçirilmişdir.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun  dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 95,05 faizi, təbii qazın dəyərinin 101,9 faizi yığılmışdır.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və  fərdi qəbullarda edilən müraciətlər göstərir ki, əhalinin elektirik enerjisi və təbii qazla təminatında  müəyyən problemlər hələ də  mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
2018-ci  ilin birinci  rübündə   Samux  rayon  İcra  Hakimiyyəti başçısı aparatına  ümumilikdə 124 ərizə,  təklif  və  şikayət   daxil  olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 16 ədəd (140 ədəd) və ya 11,4 faiz azdır.  Müraciətlərdən 38-i (63) yerli  sakinlərdən, 86-sı (77) isə respublikanın   yuxarı  təşkilatlarından  olmuşdur. Rüb ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Birinci rübdə rayon İcra Hakimiyyətinin başçısı   tərəfindən rayonun hüquq  mühafizə  orqanlarının  və xidmət  təşkilatlarının  rəhbərləri  ilə birgə həftədə bir dəfə olmaqla  rayonun bütün yaşayış məntəqələrində 10 səyyar  qəbul-görüş keçirilmişdir. Bu görüşlərdə 30 müraciət  edilmişdir.  Müraciətlər  əsasən    yolların  təmiri,  yeni  yaşayış  massivlərinin  elektrik  enerjisi  və  təbii  qazla  təminatı, torpaq, suvarma suyu  ilə   təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı  olmuşdur.  Müraciətlərin 26-sı (86,7 %)  icra  edilmiş, 4-ü (13,3%)  hazırda  icradadır.

2018-ci  ilin qalan rüblərində də  qarşımızda  yerinə  yetiriləsi vacib olan  daha  böyük  vəzifələr  durur.  Nazirlər  Kabinetinin  2018-ci  ilin  birinci rübünün  sosial-iqtisadi  inkişafının  yekunlarına  və qarşıda duran vəzifələrə  həsr  olunmuş  iclasında  Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin  proqram  xarakterli nitqlərində  qarşıya  qoyduğu  vəzifələri  yerinə  yetirmək  üçün bütün imkanlarımızı səfərbər etməliyik: 
- Qarşımızda duran ən vacib məsələlərdən  birincisi ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıya layiqincə cavab vermək,  bu imkandan maksimum yararlanaraq rayon  iqtsadiyyatının əsasını təşkil edən  kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi;
     - Başlanmış işlərin müvəffəqiyyətlə başa çatdırılması;
- Tikinti - quruculuq işlərinin  davam etdirilməsi;
- Şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də  əsas hədəflərimizdəndir və bu sahədə müvafiq işlər aparılır;
- Rayonun 14 yaşayış məntəqəsini əhatə edən mərkəzləşdirilmiş içməli su sisteminin çəkilişinə başlanmışdır ki, onuda uğurla başa çatdırmalıyıq;
     -  Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisi  həyata keçirilməsi əsas vəzifələrdəndir.
      Eyni zamanda əhalinin məşğulluğunun təmin olunması üçün    yeni  istehsal  və  emal  müəssisələrinin yaradılması istiqamətində də işlər görülür.

Keçidlər