Şriftin ölçüsü :

Saytın rəngi :

Cəza siyasətinin humanistləşdirilməsi hüquqi islahatlar sahəsində yeni mərhələdir.

10 yanvar 2018 | 16:00

Hər bir ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması güclü dövlətin ən mühüm şərti kimi sosial-siyasi və milli-əxlaqi mühitin, birgəyaşayış norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir. Azərbaycan dövlətçiliyi də məhz insan hüquqlarının təmin edilməsi və müdafiəsi prinsiplərinə əsaslanır. Ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qəbul edilən normativ-hüquqi aktlar, imzaladığı fərmanlar tam hüquqi, demokratik dövlətin formalaşmasına xidmət edirdi. Məhz elə buna görədir ki, demokratik dövlət quruluşunun əsas prioritetlərindən birini təşkil edən insan hüquq və azadlıqlarının təmin olunması Azərbaycanda vahid dövlət proqramı əsasında həyata keçirilir, bütün Azərbaycan vətəndaşlarının, o cümlədən, müxtəlif hüquq pozuntusu, həmçinin, cinayət törətmiş vətəndaşların belə hüquq və azadlıqlarının təmin olunması sahəsində də ardıcıl və məqsədyönlü iş aparılır.
Ulu öndər ölkəyə rəhbərliyi dövründə əsl humanistlik göstərərək məhkumların əfv olunması barədə 10-dan artıq fərman imzalamış, 7 amnistiya aktının təşəbbüskarı olmuşdur. Dövlətimizin bu humanist addımları ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmışdır.
Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən proqram və islahatlar, ilk növbədə, öz praqmatizmi ilə seçilir. Eyni zamanda yüksək qayğıkeşlik, humanizm və xeyirxahlıq kimi əxlaqi-mənəvi keyfiyyətlər də dövlət başçısının səciyyəvi cəhətlərindəndir. Hər bir insana qarşı həssaslıq, insanların problemlərini duymaq qabiliyyəti, xalqın güzəranının yaxşılaşdırılmasının ali məqsədi kimi irəli sürülməsi İlham Əliyev humanizminin başlıca tərkib hissəsidir. Əfv etməyi bacarmaq kimi insanın munis hisslərini, daxili aləmini, mənəvi-əxlaqi durumunu əks etdirən keyfiyyətləri də buraya əlavə etsək onda dövlət başçısının humanizmi haqqında təsəvvürlər bir az da əyaniləşmiş olar.
Məhz humanizm prinsiplərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti 2017-ci il fevral ayının 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalamışdır.
Sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki əsas istiqamət müəyyən edilib. İlk növbədə cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlərin görülməsi nəzərdə tutulub. İstintaq orqanları və məhkəmələr tərəfindən həbsin tətbiqi əsaslarına dair qanunun tələblərinə ciddi əməl edilməsi, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən, alternativ cəza və prosessual məcburiyyət tədbirləri tətbiq etmək yolu ilə nail olunması, ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu cəzanın və digər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi kimi vəzifələr müəyyən olunub. Bununla əlaqədar olaraq məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərini rəhbər tutaraq cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri tövsiyə olunmuş, prokurorluq orqanlarının üzərinə isə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün araşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatların müstəsna hallarda və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilməsi vəzifəsi qoyulub.
Dövlət başçısının imzaladığı bu sərəncamda da hər zaman olduğu kimi, şəxslərin azadlıq hüququ ön plana çəkilir, həbs edilən və azadlıqdan məhrum edilən şəxslərin sayının artması ilə bağlı narahatlıq duyulur. Bununla əlaqədar sərəncamda qanunvericiliyə bir sıra, o cümlədən iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sansksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması ilə bağlı, habelə, mövcud alternativ cəzaların, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi nəzərdə tutulmuş, müvafiq qurumlar qarşısında tapşırıqlar qoyulmuşdu. Artıq Ölkə başçısı İlham Əliyev tərəfindən 2017-ci il 20 oktyabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun təsdiq edilmişdir.
Щямин Qanunu demokratik məzmununa, sosial mahiyyətinə, cinayət qanunvericiliyinə edilən yeniliklərin sayına və həcminə görə bu qanunvericilik sahəsinin indiyədək mövcud olmuş təkmilləşdirilməsi təcrübəsində ən önəmli yer tutur. Yeni qanunla Cinayət Məcəlləsinə edilən dəyişikliklər cinayətlərin, xüsusilə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılmasını, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ olan, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların əlavə edilməsini, azadlıqdan məhrum etməyə alternativ cəzaların tətbiqi əsaslarının genişləndirilməsini, bu məqsədlə Cinayət Məcəlləsinə yeni cəza növü kimi-məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasının daxil edilməsini, zərərçəkmiş şəxslə barışıq institutunun daha da təkmilləşdirilməsini və digər məsələləri əhatə etmişdir.
Belə ki, qəsdən törədilmiş bir sıra böyük ictimai təhlükə törətməyən və ehtiyatsızlıqdan törədilmiş cinayətlər, o cümlədən cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa az ağır zərər vurma, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma, telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma cinayətləri dekriminallaşdırılmışdır. Digər bir sıra cinayətlərin qanunda mövcud olmuş sadə tərkibi dekriminallaşdırılmaqla onların yalnız müəyyən ağırlaşdırıcı hallarda törədilməsi cinayət kimi təsbit edilmişdir. Məsələn, özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələməyə görə bütün hallarda deyil, yalnız odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma nəticəsində törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Yeni qanuna görə özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə etmə yalnız xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olacaq, bu əməlin təkrar törədilməsi isə buna əsas verməyəcəkdir.
Bununla yanaşı, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərini nəzərdə tutan maddələrdə bu əməllər əvvəllər müvafiq konkret cinayətlərə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə məsuliyyətin ağırlaşdırılmasını nəzərdə tutan müddəalar Cinayət Məcəlləsindən çıxarılmış, habelə oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə əməllərinə görə cinayət məsuliyyəti yaradan ziyanın məbləği 5 dəfə artırılmaqla həmin həddədək olan cinayətlər dekriminallaşdırılıb.
Qanunda nəzərdə tutulmuş konseptual əhəmiyyətli yeniliklərdən biri də, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə institutunun tətbiqi ilə cinayət qanunvericiliyində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətini törətmiş şəxslərə münasibətdə baxışın dəyişdirilməsi və onların ilk növbədə narkomaniya xəstəliyinə düçar olmuş şəxslər kimi qəbul edilməsi olub. Yeni qanuna əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətini törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq ediləcək. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə isə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edəcək. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında, əgər cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb ediləcək. Yeni qanunda qeyd olunan qaydada məsuliyyətdən azad olunma imkanının şəxsə yalnız bir dəfə verilməsi, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müvafiq tibb müəssisəsinə yerləşdirilməsi qaydaları, bu tədbirlərin tətbiqinin uzadılması və ləğvi əsasları müəyyən edilib.
Bundan əlavə, Cinayət Məcəlləsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması kimi cəzadan azad etmə institutlarının tətbiqi dairəsi genişləndirilməklə, məhkəmə tərəfindən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlinərsə, onların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilməsi, habelə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkum edilmiş hamilə qadınların və ya on dörd yaşına qədər uşağı olan qadınların, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin uşaq on dörd yaşına çatanadək təxirə salına bilməsi nəzərdə tutulub.
Həmçinin, cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi qaydası təkmilləşdirilmiş, Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların dairəsi genişləndirilərək, bu siyahıya cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi əlavə edilib.
Bununla yanaşı, Cinayət Məcəlləsinin Xüsusi hissəsində 36 cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müəyyən edilmiş hədlərinin azaldılması nəticəsində 18 cinayət əməli az ağır cinayətlər kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 4 cinayət əməli ağır cinayətlər kateqoriyasından az ağır cinayətlər kateqoriyasına, 1 cinayət əməli xüsusilə ağır cinayət kateqoriyasından ağır cinayət kateqoriyasına keçirilmiş, 13 cinayətə görə isə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulmuş müddətlərinin həmin cinayətlərin kateqoriya dəyişikliyinə səbəb olmayan həddə azaldılması həyata keçirilib.
Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunla müəyyən edilmiş dəyişikliklər bununla bitməyərək, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi məqsədilə, Cinayət Məcəlləsinə yeni alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmiş, ictimai işlər, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma cəzalarının tətbiqi dairəsi genişləndirilib.
Cinayət Məcəlləsinə yeni cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzasının daxil edilməsi məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasına, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla həmin cəzanın effektli icrasının təmin edilməsinə yönəlib. Bu cəza növünün mühüm xüsusiyyəti böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxsin ailənin və cəmiyyətin islahedici təsirindən istifadə edərək islah olunmasına şərait yaradılmasından ibarətdir. Belə şəxslərin cəzanın çəkilməsi şərtlərinə riayət etməsinə müasir informasiya-kommunikasiya texnologiyalarının-elektron nəzarət vasitələrinin tətbiqi ilə nail olunacaq. Yeni qanunla azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilə bilməyən şəxslərin dairəsi, həmçinin, qanunla və məhkəmə tərəfindən məhkum edilmiş şəxslərin üzərinə qoyulmuş vəzifələr, həmin vəzifələrin yerinə yetirilmədiyi təqdirdə görüləcək tədbirlər dəqiq şəkildə müəyyən edilmiş, bu cəzaya məhkum olunmuş şəxslərin elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərmək vəzifəsi müəyyən edilməklə yanaşı qeyd edilən vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsinin cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi nəzərdə tutulub.
Yeni qanunla, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərmək vəzifəsi, həmçinin, şərti məhkum etmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun üzərinə qoyulan vəzifələrin sırasına daxil edilmiş, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə isə qeyd olunan şəxslər barəsində məhkəmə tərəfindən şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərarın çıxarılması qaydası təsbit edilib.
İctimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər cəzasının icrasına effektli nəzarətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 438 nömrəli Qərarı ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib. Həmin qayda ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növlərinin, belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi qaydalarını, eyni zamanda, ictimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsinin xüsusiyyətlərini nəzərdə tutur.
Qanunda edilən mühüm dəyişikliklərdən biri də məhkumluğun ödənilməsi müddətlərinin azaldılması ilə əlaqədar olmuş, yeni qanuna əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluğun ödənilməsi müddəti üç ildən bir ilə, az ağır cinayətlərə görə isə üç ildən iki ilə endirilib.
Qüvvədə olan cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cəzanın yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir. Yeni qanunla yetkinlik yaşına çatmayan şəxslərə daha böyük güzəştlər nəzərdə tutularaq Cinayət Məcəlləsinə “Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi” adlı maddə əlavə edilməklə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxslərin cəza çəkdiyi dövrdə davranışını nəzərə alaraq cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi nəzərdə tutulub.
Yeni qanuna əsasən, cinayət hesab olunmayan əməllərə görə məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslərin cəzadan azad olunması, onların, habelə həmin qanunla cinayət hesab edilməyən əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin məhkumluğu olmayan hesab edilməsi, məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə yeni qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətlərinin yeni qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda yeni həddə qədər azaldılması müəyyən olunub. Həmçinin, cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməsi və ya cinayət təqibinin başlanmasının rədd edilməsi və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması nəzərdə tutulub.
Bununla belə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görüləcək işlər ölkədə cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini azaltmamalı və bu sahədə zəruri işlər davam etdirilməlidir.

  “Yeni Samux” qəzeti. Samux rayon prokuroru
Baş ədliyyə müşaviri Nurəddin Qasımov

Keçidlər